İranın Gülüstan əyalətinin Qorqan şəhərində keçirilən gecə şənliyinə qatılan daha 25 qız və oğlan tutulub.

Bu barədə Gülüstan əyalətinin mərkəz prokuroru, axund Seyid Rza Seyid Hüseyni aprelin 20-də jurnalistlərə açıqlama verib.

O bildirib ki, Qorqanın Naharxoran məntəqəsindəki villa evlərdən birində qız və oğlanların bir yerə toplaşıb birgə şənlənməsi barədə hüquq-mühafizə qüvvələrinə xəbər daxil olan kimi, polis əməkdaşları dərhal hərəkətə keçiblər: “Əməkdaşlarımız həmin villa evinə gediblər və orada alkoqollu içkilər içmiş, açıq-saçıq geyinmiş 25 qız və oğlanı tutublar. Villada həmçinin əldə qayırma yollarla hazırlanmış onlarla litr alkoqollu içki və bəzi xarici spirtli içkilər aşkarlanaraq götürülüb –deyə prokuror əlavə edib.

Axund Seyid Rza Seyid Hüseyni

Axund, tutulan gənclərin hazırda harada saxlanıldığını və onların konkret nədə günahlandırıldığını açıqlamayıb.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1700-dən çox insan həbs edilib./gunaz.tv/