Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Tarif Şurasının Katibliyindən Modern.az-a verilən məlumata görə, artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq.

Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq.

Artırılmış limitin tətbiqinə gəlincə, qeyd edilib ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək:

“Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq.

Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub mX20 qəpik olmaqla həyata keçiriləcək".
Qeyd olunub ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.

 ***

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 QƏRAR № 2
 
Bakı şəhəri, 30 aprel 2019-cu il
 
 “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə”
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli
18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində “1700” rəqəmi “2200” rəqəmi ilə əvəz edilsin.
 
2. Əhali istehlakçı qrupu ilə 2019-cu ilin 1 yanvar tarixindən 2019-cu ilin 30 aprel tarixinədək olan hesablaşmalar bu qərarın 1-ci hissəsinə əsasən müəyyən edilən təbii qazın illik istehlak həcmi nəzərə alınaraq həyata keçirilsin.
 
3. Bu qərar 2019-cu il 1 may tarixindən qüvvəyə minir.
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri        
Şahin Mustafayev