İran Milli Məclisinin deputatı Əli Mütəhhəri təhlükəsizlik qüvvələrinin benzinin bahalaşmasına qarşı keçirilən aksiyalarda iştirak edənlərin əhalinin kasıb təbəqəsindən olan insanlar olduğunu etiraf etdiklərini deyib.

O, bu gün Parlamentdə etdiyi çıxışda benzinin qiymətinin artırılmasını tənqid edib və bu məsələyə görə Daxili İşlər nazirinin Milli Məclisdə sorğu-sual olunmasını istəyib.

Mütəhhərini benzinin qiymətinin bahalaşdırılmasına diqqət çəkərək, bu qərarı qəbul edən 3 Sistemin Rəhbərlərinin Koordinasiya Şurasının “xalqın nəbzini tuta bilmədiyinə” görə buraxılmasını tələb edib.

Sözügedən Şura ötən ilin may ayında “dini lider” Əli Xamneyinin göstərişi ilə yaradılıb və iranlı rəsmilər onu “sanksiyalar qarşısında iqtisadi müharibə palatası” adlandırırlar.

Mütəhhəri həmçinin Parlamentin İranın siyasi arenasındakı rolunun zəiflədilməsini də tənqid edib, bunun “xarici dövlətlərin ölkəyə sızmasını artıracağı”nı və “daxildə despotizmi gücləndirəcəyi”ni iddia edib. Deputat sonda Milli Məclisin Ali Məsləhət Şurası və 3 Sistemin Rəhbərlərinin Koordinasiya Şurası tərəfindən zəiflədilməsinə etiraz olaraq, Xamneyiyə məktub ünvanladığını bildirib./gunaz.tv/