İran 5+1 ölkələri ilə 2015-ci ildə imzaladığı nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində son- 5-ci addımı atıb.

İran hökumətinin yaydığı bəyanata əsasən, artıq rəsmi Tehran istifadə olunan sentrifuqaların sayına tətbiq edilmiş məhdudiyyətlərə əməl etməyəcək. Eləcə də, bu gündən etibarən İran 2015-ci il razılaşmasında zənginləşdirmə qabiliyyəti və həddi, eləcə də zənginləşdirilmiş uranın depolanma miqdarı və tədqiqatla bağlı üzərinə götürdüyü öhdəliklərin hər birini ləğv edib.

"Artıq İslam Respublikası nüvə proqramının icrasında bütün məhdudiyyətlərin üzərindən xətt çəkir. Bundan sonra proqram yalnız ölkənin öz ehtiyaclarına uyğun olaraq davam edəcək", - deyə İran hökuməti qeyd edib.

Bəyanatda həmçinin bildirilir ki, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını dəyişmədən, adəti üzrə davam etdirəcək.

İran hökuməti sonda Amerikanın sanksiyaları qaldıracağı və ölkənin Hərtərəfli Birgə Fəaliyyət Planındə nəzərdə tutulmuş mənafeyi təmin edildiyi təqdirdə, İran yenidən razılaşmaya qayıdacaq.

Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan bütün məhdudiyyətlərin ləğv edilməsi İranın razılaşma çərçivəsində üzərinə götürdüyü bütün texniki öhdəlikləri ləğv etməklə, onu tərk etməsi deməkdir. Qərarın Qasım Süleymaninin ölümü ətrafında yaranmış yeni gərginlikdən sonra qəbul edilməsi diqqət çəkir.