İran ordusu Azərbaycan Respublikası ilə sərhəd zolağında, xüsusilə Parsabad və Aslandüz rayonlarında bütün növ hava hücumundan müdafiə sistemləri qurub.

Bu barədə ötən gün Ərdəbil əyalətinin şimal bölgələrinin və Parsabadın sərhəd zolağına baxış keçirən "Xatəmül- Ənbiya" Hava Hücumundan Müdafiə Qərargahının komandan müavini, general Qadir Rəhimzadə məlumat verib. 

O, bu addımın Qarabağ münaqişəsinə görə ölkənin hava sərhədlərinin qorunması ilə əlaqəli atıldığını iddia edib. 

"Qarabağda döyüşən tərəflərə xəbərdarlıq edərək bildiririk ki, İran İslam Respublikasının hava məkanına daxil olaraq sərhədləri pozanlara qarşı qəti tədbirlər görəcəyik", - deyə Qadir Rəhimzadə əlavə edib. 

O, sonda Qarabağda "xarici qüvvələrin mövcudluğu"na göz yumulmasının mümkün olmadığını bildirsə də, hansı qüvvələri nəzərdə tutduğunu açıqlamayıb./gunaz.tv/