12 noyabrdan etibarən Rusiya Dağlıq Qarabağda sülhməramlı qüvvələrin müşahidə məntəqələrini yaratmağa başlayıb.

Bunu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasından olan hərbi kontingentin Dağlıq Qarabağda yerləşdirilməsi 11 noyabr gecəsinə qədər başa çatıb.

S.Rudskoy müşahidə postlarının bir neçə gün əvvəl hərbi əməliyyatların keçirildiyi "Cənub" və "Şimal"  bölgələrində mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün qurulacağını qeyd edib:

"Birincisi, Xankəndi, Ağdam və Laçın yaşayış məntəqələrinə bitişik rayonları əhatə edir.

İkincisi, Tərtər və Ağdam bölgələrinin şimal hissələri, eləcə Ağdərə qəsəbəsidir.

Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca ümumilikdə 16 Rusiya müşahidə postu qurulacaq.

Rus hərbçilərinin vəzifəsi atəşkəs rejiminin pozulması halları barədə məlumat toplamaq, bu məlumatları dərhal sülhməramlı qüvvələrin komandanlığına çatdırmaq və eyni zamanda tranzit trafikin təhlükəsizliyini qorumaqdır".

Rudskoy rus sülhməramlılarının artıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə nəzarəti ələ aldıqlarına diqqət çəkib.

General sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün aviasiya və pilotsuz uçan aparatlardan istifadənin nəzərdə tutulduğunu da qeyd edib.

Qeyd edək ki, 9 noyabrda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, 10 noyabrdan etibarən Qarabağda hərbi əməliyyatların dayandırılması barədə müqavilə imzalayıblar. Sənəd, eyni zamanda, bölgəyə rus sülhməramlılarının daxil edilməsini, münaqişə tərəfləri arasında əsir mübadiləsinin aparılmasını və qaçqınların geri qaytarılmasını da təmin edir.

11 Noyabr tarixinə qədər Rusiyanın 23 İl-76 hərbi nəqliyyat təyyarəsi 15-ci sülhməramlı briqada, komandanlıq və texnikanın hərbçiləri ilə Ermənistana gəlib. Hərbçilər artıq Qarabağdakı sülhməramlı missiyanın ərazilərinə köçüblər. Ümumilikdə bölgədə 1960 rus hərbçi yerləşəcəkdir.