Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və türkiyəli həmkarı Hulusi Akar Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıqlar və Rusiya sülhməramlılarının yeridilməsi qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmaq üçün şərait yaratmağa imkan verib.

“Rusiya sülhməramlılarının iştirakı böhran regionunda sabitliyi təmin edəcək, qaçqınların axınını dayandıracaq, onların yaşayış yerlərinə qayıtmasına şərait yaradacaq. Ortaq monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin döyüş əməliyyatlarının dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddət davam edən münaqişənin həlli üçün möhkəm bir zəmin yaradacaq”, - deyə S.Şoyqu bildirib.

Türkiyə Müdafiə Nazirliyi də müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqunun Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalaması barədə məlumat yayıb.

Məlumatda imzalanma mərasimindən fotolar və video da yer alıb.

Qeyd edək ki, noyabrın 10-da imzalanan Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatına əsasən,  Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Bəyanıtın 5-ci bəndi ilə münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.