Rusiyanın “Moskovskiy Komsomolets” nəşrinin siyasi şərhçisi, tanınmış jurnalist Aleksandr Budberqin APA-nın Moskva müxbirinə müsahibəsi.

- Aleksandr Petroviç, noyabrın 10-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinə, belə demək mümkündürsə son qoyuldu. Rusiya və Türkiyənin birgə səyləri nəticəsində münaqişə zonasında atəşkəs əldə olunması haqqında sənəd qəbul edildi. Ümumilikdə, qəbul olunan sənədi necə qiymətləndirirsiniz?

- Birinci mövqeyim ondan ibarətdir ki, müharibənin bitməsi hər zaman yaxşı haldır. Müharibənin bitməsi, hansı ki, bu münaqişə deyil, genişmiqyaslı müharibə idi, mənim nöqteyi-nəzərimdən hər zaman alqışlanır. Mənə elə gəlir ki, müharibə vaxtında bitdi. Ona görə ki, hər zaman elə təəssürat yaranır ki, daha hansısa hücumu etmək olar. Qələbənin Azərbaycan tərəfində olması açıq-aydın görünürdü. Azərbaycan bu müharibəni hərbi və əlbəttə ki, siyasi planda uddu. Sona qədər gedib düşməni diz çökdürə də bilərdi. Lakin birincisi, bunu etmək Azərbaycana lazım idimi? Əgər bunu etsəydi, bu münaqişə ətrafındakı vəziyyəti gərginləşdirəcəkdi. Rusiya, İran və digər ölkələri nəzərdə tuturam. Mənə elə gəlir ki, müharibənin bitməsi vaxtında baş verdi. Bu, sözsüz ki, Azərbaycanın hərbi və siyasi uğurudur.

Əslində qəbul olunan sənəd münaqişənin bitməsi yox, müharibənin bitməsidir. Mənə elə gəlir ki, bu sənəd Azərbaycan tərəfindən vaxtında imzalanıb. Bu sənəd regiondakı sabitliklə oynamaq istəyən qüvvələrə imkan vermədi. Bilirik ki, İran şimal sərhədinə qüvvələr toplamağa başlamışdı. Anlayırıq ki, Rusiyanda münaqişəyə münasibətdə gərgin vəziyyət var. Məncə, Azərbaycanın siyasi rəhbərliyi çox vaxtında bu qərarı verdi və qərar Azərbaycanın böyük hərbi və siyasi qələbəsidir.

“Azərbaycanın müharibə təcrübəsi sözsüz ki, Moskvadan Nyu-Yorka kimi tədqiq olunacaq”    

- Ermənistan-Azərbaycan münaqişəsinin tarixi ilə bağlı kifayət qədər məlumatlı insansınız. Son münaqişəni necə xarakterizə edərdiniz?

- Burada münaqişənin tərkibini bir neçə hissəyə bölmək vacibdir. Mənim nöqteyi-nəzərimdən bu münaqişə hərbi planda XXI əsrin ilk münaqişəsi idi. Mən indiyə kimi bu cür iki müntəzəm ordunun istifadəsi ilə, xüsusən Azərbaycan tərəfindən tətbiq olunan hərbi taktikanı, yeni texnologiyalara və texnoloji qərarlara əsaslanan hərbi əməliyyatları görməmişdim. Bu mənada Azərbaycan rəqibinin aşağı texnoloji inkişaf səviyyəsində qaldığını   nümayiş etdirdi. Fikrimcə, bu mənada Azərbaycanın müharibə təcrübəsi sözsüz ki, Moskvadan Nyu-Yorka kimi tədqiq olunacaq. Dünyanın bütün akademiyaları sözsüz ki, bu müharibəni XXI əsrin ilk əsl müharibəsi kimi tədqiq edəcək. Bu vəziyyət onu göstərir ki, gələcək keçmişə qalib gəlir. Aydın olur ki, bir neçə il bundan qabaq əldə olunması çətin olan texnikalar heç bir həlledici rola malik deyil. Həmin texnikalar sadəcə olaraq pilotsuz uçuş aparatları ilə məhv edilir. Xüsusi təyinatlılar isə möhkəmləndirilmiş rayonu ötüb keçib döyüş əməliyyatının gedişatını həll edə bilər. Necə ki, bunu Şuşada Azərbaycan xüsusi təyinatlılarının etdiyinin şahidi olduq. Ona görə də, bu hərbi əməliyyatların əhəmiyyəti bütün dünya üçün maraqlı olacaq. O ki, qaldı müharibənin geosiyasi reallıqlarına... Əgər biz Azərbaycanı götürsək, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bədənində, bu ölkənin gələcəyində böyük yara kimi qalacaqdı. Ona görə də, onu həll etmək lazım idi. Onu da qeyd etmək lazımdır ki, prezident İlham Əliyev hər zaman bu münaqişəsinin hərbi yolla həllinin mümkünlüyünə inanıb. Heç də hər kəs buna inanmırdı. İlham Əliyev azlıqda idi. Lakin məlum oldu ki, o haqlıdır. Geosiyasi reallıq baxımından məncə, Azərbaycan bu yaranı sağaltmağa nail oldu. Bu yaranının kritik kütləsi aradan götürülüb. Fikrimcə, Azərbaycanın inkişafı və ümumilikdə regionun inkişafı üçün vəziyyəti dəyişir. Deyərdim ki, bu, Ermənistan üçün də vəziyyəti dəyişir. Ermənistan anlamalıdır ki, bacarmadığını işlə deyil, nəhayət ki, ölkə daxilindəki problemləri, öz iqtisadiyyatı, qonşuları ilə inteqrasiya prosesi, müxtəlif iqtisadi layihələrlə məşğul ola biləcək. Ermənistan indiki vəziyyətində prinsipcə saxlaya bilmədiyi şeylərə güc, qüvvə sərf etməyəcək. Düşünürəm ki, bu günə kimi Ermənistan Dağlıq Qarabağı süni şəkildə, Moskvadan və digər yerlərdən olan dostlarının hesabına saxlayırdı. Ona görə də, bu problemi sülh yolu ilə həll etmək mümkün olmurdu. 2011-ci ildə Kazanda biz sazişin imzalanmasına millimetr qədər yaxın olmuşduq. Hesab edirəm ki, o zaman İrəvanın mövqeyinə görə bu saziş imzalanmadı. Həmin saziş imzalansaydı, bu gün müharibə baş verməzdi, minlərlə itkilər olmazdı. Nəticə isə indiki vəziyyətə az-çox oxşar olacaqdı. Təbii ki, indi vəziyyət Azərbaycan üçün daha yaxşıdır. Kazandakı sazişə görə, ermənilərin kompakt yaşadıqları rayonlarla Ermənistan arasında dəhliz yaradılacaqdı, ətraf rayonlar Azərbaycana qaytarılmalı idi. Bu isə müharibə yolu ilə baş verdi. Laçın dəhlizinə qarşılıq Naxçıvana dəhliz verilməsi də çox mühüm amildir. Mənə elə gəlir ki, bu, Azərbaycan üçün çox müsbət haldır.

“Bu müharibə olmasaydı, döyüş meydanında Azərbaycan uğurlar əldə etməsəydi, Ermənistanla heç bir sazişdən söhbət gedə bilməzdi”

- Sizcə, Azərbaycanın bu müharibədəki nümayiş etdirdiyi hərbi uğurların sonda qəbul olunan sənədə necə təsiri oldu?

- Bu sənəd sözsüz ki, Azərbaycanın nəhəng qələbəsidir. Praktiki mənada isə bu, hamı üçün qələbədir. Hətta deyərdim Ermənistan üçün də... Ermənistan ona lazım olmayan yükdən qurtulur. Hansı ki, o bu yükü özü daşıya bilmirdi. İndi isə, Ermənistan öz ölkə daxili problemləri ilə məşğul ola bilər. Ona görə də düşünürəm ki, ümumilikdə Azərbaycan üçün vəziyyət çox yaxşıdır. Azərbaycan hərbi qələbə çalıb. Hər şey döyüş meydanında həll olundu. Yekunda aydın oldu ki, Azərbaycan    Ordusu daha yaxşı hazırlıqlı, daha yaxşı təlimlidir. Hərbi əməliyyatları daha yaxşı həyata keçirir. Bütün bunlar Azərbaycanın uğurlarını müəyyən etdi. Bu müharibə olmasaydı, döyüş meydanında Azərbaycan uğurlar əldə etməsəydi, Ermənistanla heç bir sazişdən söhbət gedə bilməzdi. Fikrimcə, Ermənistan tərəfi bu qərarı silah təhlükəsi altında verib. Burada hər şey Azərbaycanın Ordusunun hərbi uğurlarına söykənir. Bunsuz bütün bunlar baş verə bilməzdi.

- Münaqişə regionunda dayanıqlı sülh üçün hansı addımlar atılmalıdır?

- Hesab edirəm ki, ilk növbədə tərəflərin ayrılması aparılmalıdır. Daha sonra iqtisadi, kommersiya əlaqələrinin qurulmasının mümkünlüyü haqqında fikirləşmək lazımdır. Çünki ticarət, insanlarının həyat səviyyəsinin yaxşılaşdırılması ən yaxşı dərmandır.

“Bu müharibədə heç bir birgə Azərbaycan-Türkiyə silahlı qüvvələrindən söhbət gedə bilməz. Vuruşan sözsüz ki, Azərbaycanın Silahlı Qüvvələri olub”

- Biz Suriya münaqişəsinin nizamlanmasında Rusiya-Türkiyə əməkdaşlığının müsbət nəticə verdiyinin şahidiyik. Cənubi Qafqazdakı münaqişədə Moskva-Ankara əməkdaşlığı da öz müsbət nəticəsini göstərmək üzrədir. Bu fikirlə razısınızmı?

- Qlobal problemlərə münasibətdə Rusiya və Türkiyə bir gəmidə yer alırlar. Moskva və Ankara iki nəhəng regional oyunçu kimi lokal vəziyyətlərlə bağlı ziddiyyətli mövqelərdə ola bilərlər. Mümkündür ki, onların Qarabağ münaqişəsi ilə mövqeyi də fərqli olsun. Lakin bu dəfə gördük ki, bu mövqelər heç də ağır dərəcədə bir-birindən fərqlənmir. Hesab edirəm ki, indiki məqamda Moskva və Ankara ümumilikdə rəqib deyil, deyərdim ki, müttəfiqdirlər. Nə zaman kimsə Rusiya və Türkiyənin ziddiyyətləri üzərində oynamağı fikirləşirsə, həmin vaxt o, düşünməlidir ki, bu ziddiyyətlər əslində xaricdən göründüyü kimi çox deyil və bu ölkələr heç vaxt sona qədər vuruşmurlar. Biz bunu Suriyada Türkiyənin Rusiya təyyarəsini vurduğu zaman da gördük. Həmin zaman Moskva və Ankara arasında vəziyyət çox ciddi gərginləşsə də, münaqişə səviyyəsinə gəlmədi. Ona görə də, bu iki ölkə arasında münasibətlərdən danışarkən onların tərəfdaşlıq münasibətlərini və lokal vəziyyətlərlə bağlı ziddiyyətli mövqelərini qeyd etmək lazımdır. Məncə, Türkiyənin bu münaqişədə iştirakı Moskvada bilərəkdən həddindən artıq şişirdilirdi. Əlbəttə ki, müharibənin başlanması, bitməsi, danışıqlar haqqında qərar Bakıda verilib. Bu qərarı prezident İlham Əliyev verib. Bu, mənim üçün aydın olan məsələdir. Bu müharibədə heç bir birgə Azərbaycan-Türkiyə silahlı qüvvələrindən söhbət gedə bilməz. Vuruşan sözsüz ki, Azərbaycanın Silahlı Qüvvələri olub. Azərbaycanda Türkiyənin hərbi müşavirlərinin olması barədə danışmaq çox qeyri-ciddidir. Bütün bunlara baxmayaraq, Türkiyə bu münaqişədə böyük rol oynadı. Böyük qardaş kimi Azərbaycanın arxasında dayandı. Bu hər kəs tərəfindən hiss olundu. Rusiya isə deyərdim ki, bu dəfə münaqişəyə qədər olan dövrdəkindən fərqli olaraq bitərəf mövqe sərgilədi. Fikrimcə, yekun sənədin qəbulunda Rusiya və Türkiyənin iştirakı böyükdür. Lakin bu o demək deyil ki, Moskva və Ankara əvvəldən bu barədə razılaşmışdılar. Hər şey döyüş meydanında Azərbaycanın hərbi uğurlarının fonunda baş verdi.    

“Regionda qüvvələr balansı indi daha çox Azərbaycan üçün uğurludur”

- Bu gün regionda yeni qüvvələr balansı necədir? Təbii ki, bu balans birinci Qarabağ müharibəsi dövründəki kimi deyil.

- Əgər 1994-cü ildə bitən Birinci Qarabağ müharibəsi haqqında danışsaq, bu müharibə dağılan Sovet İttifaqının daxilində baş vermişdi və ittifaqın daxilindəki problemləri həll etməyə icazə verilmirdi. İndiki müharibə zamanı isə artıq dünya dəyişib. Təkcə dünya deyil, Rusiya da dəyişib. Onun başqa məqsədləri var. Rusiya artıq keçmiş Sovet İttifaqı ölkələrində öz maraqlarını sərt müdafiə edə bilmir. Rusiyanın bunun üçün təsir alətləri və imkanı yoxdur. Buna müvafiq olaraq regionda başqa qüvvələrin maraqları meydana çıxır. Regionda qüvvələr balansı indi daha çox Azərbaycan üçün uğurludur. Azərbaycan öz daxilindəki yaranı sağaltmış, problemi həll etmiş oldu. Lakin başa düşüləndir ki, kiçik ölkələr regionda böyük, dünya miqyasında böyük maraqları mövcud olan oyunçularla hesablaşmağa məcburdurlar. Bunlar Rusiya, Türkiyə, ABŞ və Avropadır. Həmin oyunçular heç yerə getməyiblər. Onlar əvvəlki kimi bu regiondakı vəziyyətə də təsir edə bilirlər. 

- Sizcə, törətdiyi təxribatlarla Azərbaycanı müharibəyə sövq edən Ermənistanın taleyi necə olacaq?

- Ermənistanın taleyi bu ölkənin vətəndaşlarından asılı olacaq. Onların baş verənlərdən hansı nəticəni çıxartmalarından asılı olacaq. Ermənistan üçün uğur regionun digər ölkələri, Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrə başlaması ilə olacaq. Ermənistanın iqtisadiyyatı güclü olmasa, onun heç bir ordu quruculuğundan söhbət gedə bilməz. Hakimiyyətə gələn Paşinyan Rusiyadan asılı olmayan Ermənistan yaradacağını bildirdi, lakin bunun qarşılığında heç bir iş görmədi və bununla da Ermənistanı ağır vəziyyətdə qoydu. Fikrimcə, Ermənistanın taleyi baş verən hadisələri etiraf edib qəbul etməsindən asılı olacaq. Məncə, Ermənistan bu vəziyyətdən iqtisadi mənfəət əldə edəcəyini anlamalıdır.  

“Azərbaycan Ordusunun müharibədə göstərdiyi üstünlüyə heç bir informasiya müharibəsi tab gətirə bilməz”

- Rusiya telekanallarındakı siyasi tok-şoularda açıq-aydın Azərbaycanın, xalqın, dövlət və vəzifəli şəxslərin əleyhinə təbliğat aparılır. Bunun səbəbi nədir?

- Sizinlə razılaşmaya bilmərəm. Çünki həqiqətən də Rusiya telekanallarında yayımlanan siyasi tok-şoularda antiAzərbaycan təbliğatı açıq-aydın nəzərə çarpır. Adətən belə tok-şouların aparıcıları Kremldən gələn metodiki gündəliklə çıxışlarını qururlar. Hərbi əməliyyatlar başlayandan bildiyim qədəri ilə Kremldən gələn direktivdə ehtiyatlı işıqlandırmaq, bərbərliyi qorumaq və münaqişənin hər iki tərəfinə bərabər yanaşmaq tələb olunub. Məncə bu ciddi məqamdır, xüsusi ilə də münaqişənin ilk günlərində həqiqətən də gözə çarpırdı. Çünki münaqişəyə qədər Rusiya telekanallarında birtərəfli təbliğat, yəni, Ermənistanın xeyrinə təbliğat daha güclü idisə, münaqişənin ilk günlərində bərabər yanaşma özünü göstərdi. Lakin Azərbaycan Ordusu cəbhədə irəli doğru getdikcə, qələbələr qazandıqca, bərabər yanaşma prinsipi aradan qalxdı. Yenə ermənipərəst təbliğata başlanıldı. Bu nəyi deyir? Bu, hadisələrin maraqlar kompleksi barədə çox şeyi deyir. Biz hər zaman hesab edirdik ki, Kremlə işləyən təbliğatçılar gündəlikdə duran məsələləri işləyirlər. Lakin bu dəfə gördük ki, həmin təbliğatçılar dövlətin özü ilə manipulyasiya etməyə cəhd edirlər. Onlar dövləti prezident və digər qərar qəbul edən dövlət adamının simasında hansısa şəkildə ictimai rəyi oyandırıb, prezidenti əslində Rusiyanın milli maraqlarına zidd hesab etdiyi, sərf etməyən addımı atmağa məcbur etməyə cəhd edirlər. Əslində bu, Kremlin rəhbərliyi qarşısında onların bu təbliğatçıları nə qədər nəzarətdə saxlamaları və ya həmin təbliğatçıların öz şəxsi maraqlarının olub-olması baxımından çox ciddi suallar yaradır. Məncə, propaqandaçıların öz maraqları bu gün ortaya çıxmayıb. Bu tok-şou aparıcılarının Ermənistan tərəfi ilə əlaqələri onilliklərdir ki, mövcuddur. Biz bunu onların çıxışlarında, Ermənistan tərəfindən aldığı mükafatlar zamanı görmüşük. Əgər onlar öz şəxsi maraqlarını güdüb dövlətlə manipulyasiya etməyə cəhd edirlərsə, onda əlbəttə ki, sual yaranır: quyruq haradadır, it haradadır? İndiki halda əsas məsələni qeyd etmək istəyirəm. Bu təkcə Rusiya mediasında deyil, dünya mediasında da müşahidə olundu. Azərbaycan Ordusu cəbhədə nə qədər çox qələbə əldə etdikcə, Rusiyada aparılan informasiya müharibəsi daha çox antiAzərbaycan xarakteri almağa başladı. Bunu mənim kimi çoxları hiss edib. İndiyə kimi müşahidə edirdim, bütün KİV, telekanallarda Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli, qeyri-obyektiv müşahidə olunurdu.

Mənim subyektiv mövqeyim ondan ibarətdir ki, Azərbaycan Ordusunun müharibədə göstərdiyi üstünlüyə heç bir informasiya müharibəsi tab gətirə bilməz. Hər şey müharibə meydanında həll olunur. Qarabağda qələbə çalan tərəf yekunda informasiya müharibəsini də udur. İndi daha deməyə heç nə qalmayıb. Müharibə artıq başa çatıb. Hesaba almaq lazımdır. Fikrimcə, Azərbaycan Ordusu Moskvadakı propaqandaçılara tamamilə qalib gəldi. Bu, onu göstərir ki, yekunda hər şey televizorda deyil, döyüş meydanında həll olunur.

“Pyotr Tolstoyun Rusiyanın heç bir qərarına təsir etmək imkanı yoxdur”

- Dövlət Dumasının vitse-spikeri deputat Pyotr Tolstoyun fikirləri Azərbaycanda böyük etiraz doğurdu...

- Pyotr Tolstoyun Rusiyanın heç bir qərarına təsir etmək imkanı yoxdur. Hesab etmirəm ki, kimsə onu bunu efirdə demək tapşırığı verib. Bu birincisi. İkincisi isə Pyotr Tolstoy Rusiya dövlətinin qəbul etdiyi qərarlarda bir balaca belə olsun iştirak etmir. Xüsusi ilə də Qarabağda baş verəcək  hadisələrdə, Rusiyanın Ermənistan, Azərbaycan, Türkiyə ilə münasibətlərində... Prinsipcə, o ağlına gəldiyi şeyi efirdə deyir. Ona görə də, hər dəfə Tolstoyun dediklərinə fikir vermək lazım deyil. Daha yaxşısı Pyotr Tolstoyun ulu babası Lev Tolstoyu oxumaq lazımdır. Çünki onlar arasında böyük mədəni və intellektual fərq var.

“Onlar jurnalist deyillər, propaqandaçılardır”

- Sizcə, bu, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmurmu?

- Əlbəttə ki, bunlar sözsüz ki, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurur. Burada heç başqa sözə ehtiyac yoxdur. Ötən ay Bakıda olmuşdum. Heç kəs mənim kimi azərbaycanlıların Rusiyaya və onun vətəndaşlarına olan isti münasibətini bilmir. Bu hər zaman belə olub. Bu dəfə Bakıya gedəndə azərbaycanlıların Rusiyadan incidiyinin şahidi oldum. Mən sadə insanları nəzərdə tuturam, hansı ki, onlar dövlətlər arasında olan siyasi əlaqələri yaxşı anlamırlar. Həmin inciklik məhz Rusiya telekanallarına görə idi. Çünki Rusiya telekanallarındakı bardaq vəziyyət sadə azərbaycanlıların Rusiyaya olan münasibətini, iki dövlət arasındakı millətlərarası münasibətləri pozur. Bilirik ki, Azərbaycanda 300-dən çox rus məktəbi fəaliyyət göstərir. Bu, həm də Azərbaycan xalqının rus xalqına olan münasibətinin göstəricisidir. Ona görə də hesab edirəm ki, çox təəssüf ki, bir qrup vicdanı təmiz olmayan adam bu münasibətlərə təsir edir. Onlar jurnalist deyillər, propaqandaçılardır. Bunu onların özləri də bilir. Həmin propaqandaçılar öz şəxsi maraqları naminə nəyəsə təsir etməyə cəhd edirlər. Onlar təkcə Azərbaycan-Ermənistan mövzusunu işləmirlər, başqa mövzuları da işləyirlər. Ona görə də, hələ ki lazımdırlar. Dəyişilmək vaxtları çatmayıb. Məncə, Rusiya hakimiyyətinin bu barədə anlayışı var. Hesab edirəm ki, Rusiya dövlət kimi bu dəfə Ermənistan-Azərbaycan münaqişəsinə emosional olaraq ötən illərlə müqayisədə az cəlb olundu. Bu məqamın özü də maraqlıdır. Həmin propaqandaçıları dövlətin mövqeyinə təsir etmək üçün telekanallardakı bardaqxanalarda əllərindən gələni etsələr də buna nail ola bilmədilər. Yeri gəlmişkən, bu obyektiv reallıqdır. Bu, Rusiyanın dövlət olaraq bu münaqişəyə, Azərbaycan və Ermənistana olan real münasibətidir.