Türkiyənin İzmir şəhərində Azərbaycanın erməni işğalı altındakı torpaqlarını azad etməsi münasibətilə “Zəfərin mübarək can Azərbaycan” şüarı altında təntənəli tədbir keçirilib.

İzmirin mərkəzi Konak meydanında baş tutan tədbir Dünya Azərbaycanlıları Konqresi (DAK) tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki qardaş ölkə şəhidlərinin və İzmirdə baş verən 6.6 bal gücündə zəlzələdə həlak olanların xatirəsi yad edilərək, onların əziz ruhları üçün ehsan verilib. Azərbaycan - Türkiyə qardaşlığını simgələyən hədiyə və hər iki ölkənin bayraqları tədbir iştirakçılarına dağıtılıb.

İzmirdə fəaliyyət göstərən iyirmiyə yaxın ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycana dəstək şüarları və vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Tədbirdə DAK-ın İdarə Heyətinin sədri Asıf Kurban tərəfindən media üçün açıqlama oxunub.