İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 18-də ölkənin “PressTV” telekanalına açıqlamasında Dağlıq Qarabağ münaqişəsindən və 44 günlük savaşdan sonra Azərbaycanın işğalçı Ermənistanı məğlubiyyətə uğratmasının ardınca bölgədə yaranmış atəşkəsdən danışıb.

Rəsmi Tehranın Dağlıq Qarabağ müharibəsi barədəki mövqeyini şərh edən Səid Xətibzadə, İranla Ermənistan arasındakı sərhədin dəyişdiriləcəyi və ya onun tamamilə aradan götürüləcəyi ilə bağlı yayılan şayiələri rədd edib: “İran İslam Respublikası qonşularımız olan Azərbaycan və Ermənistan arasındakı 30 illik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən hər bir səyi müsbət qarşılayıb. 

Şübhəsiz ki, beynəlxalq sərhədlərdə hər hansı bir dəyişiklik olmayacaq. Daha doğrusu, nə İran sərhədləri, nə də ümumiyyətlə bu bölgədə sərhədlər dəyişməyəcək. 

Bizim Bakı və İrəvanla və regionun digər paytaxtları ilə yaxın əlaqələrimiz var. Biz son 30 ildə bu münaqişənin həlli üçün əlimizdən gələn qədər yardım etmişik. Əlbəttə bəzi  mövzular var ki, onları asanlıqla həll etmək mümkün deyil. Lakin buna baxmayaraq, bu istiqamətdə göstərilən hər hansı bir təşəbbüsü İran müsbət qarşılayır.

 

Bu atəşkəsgin bərqərar olunması üçün müxtəlif amillər fəaliyyət göstərirdi. İran isə açıq şəkildə öz qonşularına (Azərbaycan və Ermənistan-red) dedi ki, onlar beynəlxalq sərhədlərə, bir-birinin müstəqilliyinə, ölkələrin ərazi bütövlüyünə və digər beynəlxalq dəyərlərə hörmətlə yanaşmalıdırlar. Problemin həlli üçün İranın hazırladığı plan və təklifi qarşı tərəflərə çatdırıldı. Bizim irəli sürdüyümüz təklif və planın mühüm hissələri isə demək olar ki, hazırda bərqərar olunmuş bu atəşkəslə üst-üstə düşür. Biz bu münaqişənin diplomatik yolla həll olunacağına çox nikbin yanaşırıq” –deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün “PressTV” telekanalına açıqlamasında bəyan edib./gunaz.tv/