Təbrizdə Qarabağa dəstək mitinqində həbs edilən milli fəal Siyamək Kuşinin dosyesi bu şəhərin İnqilab məhkəməsinə göndərilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanın Təbriz şəhərində yaşayan və bu şəhərdə Qarabağa dəstək mitinqi zamanı həbs edilən siyasi fəal Siyamək Kuşinin məhkəmə dosyesi Təbriz İnqilab məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

Yanvarın 3-də Siyamək Kuşiyə Təbrizin Şəhid Beheşti prokurorluğunun 16-cı şöbəsi tərəfindən məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə dosyesi ilə bağlı son təfərrüatı öyrənmək üçün Təbriz İnqilab məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi istənilib.

Kuşi oktyabrın 18-də Təbrizdə Qarabağa dəstək mitinqində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbriz şəhərinin Saib xiyabanında yerləşən polis qüvvələrinin Ettelaat orqanının təcridxanasına köçürülüb.

Güneyli siyasi fəal Siyamək Kuşi həmçinin oktyabrın 5-də Qarabağa dəstək mitinqlərinin çağırışları ilə əlaqədar telefonla Təbriz Kəşfiyyat İdarəsinə çağırılıb və bir neçə saat orada dindirilib, təhdid edildikdən sonra girov müqabilində sərbəst buraxılıb.

Kuşi müvəqqəti azadlığa buraxıldıqdan sonra Təbrizdə keçirilən Qarabağa dəstək mitinqində iştirakçıların həbs edilməsi ilə bağlı və həbs edildiyi zaman polis qüvvələrinin rəftarı və təcridxananın şəraitini Amerikanın Səsi ilə müsahibədə izah etmişdi.

Onun dediklərinə görə, 30 kişi və 10 nəfərdən çox qadın vətəndaş polis qüvvələri tərəfindən Qarabağa dəstək mitinqi zamanı həbs edilmişdilər. O həmçinin digər orqanlar o cümlədən İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu və Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən bir çox vətəndaşın həbs edildiyini təxmin etdiyini bildirmişdi.

Siyamək Kuşi həbs olduğu zaman qida və sağlamlıq durumunun çox pis olduğunu, hətta təcridxana məmurlarının onlara bir bardaq su belə vermədiklərini deyib vurğulamışdı: “Bizə orada qaldığımız iki günə yaxın müddətdə bir bardaq su belə verilmədi, əllərimizi yumaq üçün sabun belə yox idi. Hər kəs ki, yemək istəyirdi təcridxana otağından çıxarıb ağır şəkildə döyürdülər.”

Sentyabrın 29-dan bəri İran Azərbaycanının fərqli şəhərlərində və İranın digər türkdilli bölgələrində keçirilən mitinqlərdə bir çox sayda milli fəal və vətəndaş həbs edilib və ağır işgəncələrə məruz qalıb.