Erməni terror təşkilatı ASALA Rusiyanı terror təhdidlərinə başlayıb. Bu təhdidlər həm də Rusiya ermənilərinin qəzeti olan “Yerkramas” vasitəsi ilə həyata keçirilir.

“Ermənistanın azadlığı uğrunda gizli erməni orudusu” - ASALA terrorçu təşkilatı ermənilərin İkinci Qarabağ müharibəsində tarixi məğlubiyyətindən sonra yenidən fəallaşmaq qərarına gəlib. Fəaliyyəti türk diplomatlarını qətlə yetirilməkdən, Avropada terror aktları törətməkdən, dinc və günahsız insanları öldürməkdən ibarət olan ASALA yenidən aktiv fəaliyyətə keçəcəyini, guya 1991-ci ildən elan etdiyi “taktiki fasiləyə” son verdiyini açıqlayıb.

Mesajında Ermənistanın hazırkı siyasi rəhbərliyini ümumerməni maraqlarına xidmət etməməkdə günahlandıran terror təşkilatı bu maraqları təmin etmək üçün bütün təşəbbüsü öz üzərinə götürdüyünü açıqlayıb.   

Faşist Qaragen Njdenin “Türklə mübarizəsiz bir günümüz olmamalıdr” şüarını manşet səhifəsində yayımlayan “Yerkramas”ın terror təşkilatı ASALA-nın müraciətini dərc etməsi və bu qəzetin çoxmillətli Rusiyada açıq fəaliyyət göstərməsi haqlı suallar doğurur.

Rusiyalı tarixçi alim, qafqazşünas Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında “ASALA” məlum müraciətini  belə şərh edib: “1975-ci ildə Livan ermənisi Akop Akopyan tərəfindən yaradılan “ASALA” sonuncu terror aktını 1991-ci ildə törədib. Lakin həmin vaxt artıq bu terrorçu təşkilata Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən Monte Melkonyan rəhbərlik edirdi. 1988-ci ildə Akopyan erməni diasporunun ayırdığı vəsaitləri mənimsədiyinə görə Afinada erməni millətçiləri tərəfindən qətlə yetirilmişdi. Melkonyanın və dəstəsinin Qarabağda öldürülməsi isə bu təşkilatın sonunu gətirdi. ASALA adından yayılan müraciətə gəldikdə, qeyd etmək lazımdır ki, bu, yeni nəsil erməni diasporunun gəncləridir, hansı ki, terrorçu əcdadlarının yolunu davam etdirmək qərarına gəliblər”.

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çox sayda elmi araşdırmanın, "XX yüzillikdə transmilli ermәni terrorunun tarixi" kitabının müəllifi Oleq Kuznetsov ASALA-nın müraciətini yayan Rusiya ermənilərinin qəzeti “Yerkramas”la bağlı maraqlı faktlar açıqlayıb: ““Yerkramas” özünü Rusiya ermənilərinin qəzeti kimi qələmə versə də, bu, əslində, belə deyil. Məndə olan məlumata görə, 2016-cı ildən Rusiya Məhkəməsinin qərarı ilə “Yerkramas”ın KİV kimi fəaliyyəti qadağan edilib, adı ümumrusiya dövlət reyestrindən çıxarılıb. Qəzetin Krasnodarda göstərilən ünvanı əslində, mövcud deyil. Özünü baş redaktor və onun müavini kimi göstərən şəxslər sonuncu dəfə Rusiya ərazisində 2016-cı ildə görünüblər. Həmin dövrdən “Yerkramas” qəzetinin saytı Fransada yerləşir və oradan idarə olunur. Ona görə də indi dəqiq demək olar ki, Rusiya ermənilərinin “qəzeti” olan “Yerkramas” Fransa xüsusi xidmət orqanlarının Rusiyadakı erməni diasporuna təsir alətidir”.      

Oleq Kuznetsovun fikrincə, Rusiyada heç kəs potensial erməni terrorçuları ilə bağlı təhlükəni iqnor etməyəcək: “Bir şeyi başa düşmək lazımdır ki, Rusiyadakı erməni iş adamlarından bu terrorçuları kim dəstəkləsə, bu, onun özünün və biznesinin məhvi ilə nəticələnəcək”.