Dağlıq Qarabağ münaqişəsi bitsə də ermənilərin Azərbaycan xalqına qarşı cinayətləri davam etməkdədir.

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayətlər törədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar: "Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr sazişinə əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik nümayiş etdirsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir, öz təxribatarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyün qaçırmaq və bununla da daha çox insanın ölümünə bais olmaq beynəlxalq hərbi cinayətdir".

C.Osmanov qeyd edib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırmaqla həm də işğaldan azad olunan ərazilərdə bərpa işlərini, insanların öz yurdlarına qayıtmasını ləngitməyə çalışır: "Aydın görünür ki, Ermənistan öz cinayətkar əməllərindən əl çəkmək niyyətində deyil. Ermənistan regionda davamlı sülhün əldə olunmasına, əməkdaşlıq mühitinin yaranmasına mane olur. Onlar bu yolla 10 noyabr razılaşmasının həyata keçirilməsinə mane olmağa çalışırlar. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələdə də susqunluq nümayiş etdirirlər. 44 günlük müharibə dövründə bir çox dövlətlər, beynəlxalq təşkilatlar döyüş əməliyyatlarını dayandırmaqla bağlı Azərbaycana təzyiq göstərməyə çalışırdılar, lakin indi hamısı sakit oturub, Ermənistanın cinayət əməllərinə göz yumurlar. Hardadır ATƏT-in Minsk qrupu?! 30 ilə yaxın müddət ərzində heç bir nəticəsi olmayan fəaliyyət göstərdi, döyüş əməliyyatları zamanı isə yenə danışıqlar aparmağa cəhd edirdi, sanki Azərbaycan daha 30 il də bunların səmərəsiz fəaliyyətini gözləməli idi. Elə sülh tərəfdarısınızsa, niyə Ermənistana təzyiq göstərib xəitələri verməyə məcbur etmirsiniz?!".