Jurnalist Pərviz Yari ötən 12 ayın İran Azərbaycanında fəaliyyət göstərən mədəni fəallar üçün çətin keçdiyini ifadə edir. O, Amerikanın Səsinə müsahibədə ötən müddət ərzində İran Azərbaycanında baş verən insan haqları pozuntularını şərh edib.

Pərviz Yari İran Azərbaycanı və Tehranda ən azı 242 türk fəalın həbs edildiyini söyləyir.

“Keçən il İran Azərbaycanında mədəni fəallar üçün çətin və misilsiz bir il idi. Bu il içərisində 24-ü qadın olmaqla ən az 242 fəal həbs olundu. Bunların ən az 181-i həbs edilərkən döyüldü. Ən az 16 məhbus həbsxanada döyülüb, fiziki işgəncəyə məruz qalmağa davam etdilər. Məhkəmələrdə 62 türk fəal toplam 1142 ay həbs, 96 ay sürgün və 1034 şallaq cəzasına məhkum oldular,” deyə, o, bildirir.

Jurnalist deyir ki, “bu rəqəmlər mənə gələn xəbərlər, adları bəlli olan məhbuslar və mənim təsdiq edə biləcəyim məlumatlar əsasında əldə edilib. Ancaq, kəsinliklə daha çox insan tutulub. Ancaq biz onlardan xəbərsiz qalmışıq. Bunun bir neçə səbəbi ola bilər. Ya xəbər mənə gəlməyib və mən təsdiq edə bilməmişəm. Ya da ailələr və həbs edilənlər özləri xəbəri yaymaqdan imtina edir.”

Pərviz Yari İran Azərbaycanında təşkil olunan etiraz aksiyalarında qadınların aparıcı rol oynadığını qeyd edir:

“Əvvəlki illərlə müqayisədə qadınların fəaliyyətlərinin artdığını görürük. Qadınların çalışmaları sadəcə qadın məsələləri ilə əlaqədar çalışmalara və tədqiqat fəaliyyətləri ilə məhdud olmadı. Qadınlar sahə fəaliyyətlərində və küçə etirazlarında da ciddi bir rol oynadılar. Hətta keçən sentyabr ayında Urmiyə və Təbrizdə keçirilən küçə etirazlarında biz qadınların liderlik etdyini də gördük.”

O, keçən sentyabr və oktyabr aylarında ikinci Dağlıq Qarabağ Müharibəsi zamanı keçirilən aksiyaların polis və təhlükəsizlik qüvvələrinin güc tətbiqi ilə dağıdıldığına işarə edir.

Pərviz Yari həmin aksiyalarda bəzi qadınların uşaqları ilə bərabər nəzarət altına alındığını önə çəkir. “Məsələn Təbrizdə Fatma İbrahimzadə 13 yaşında uşağı Kövsər Nemətinin gözlərinin önündə dindirilib və işgəncəyə məruz qalıb,” deyə jurnalist əlavə edir.