İranın Qərbi Azərbaycan vilayətində yerləşən Sayınqala (Şahindej) şəhərinin sakini Babək Qabelnejadın uşağına Yağış adı ilə şəxsiyyət vəsiqəsi alması 4 ay sürüb.

Babək Qabelnejad 4 ay davam edən israr və etirazdan sonra Qeydiyyat İdarəsindən qız övladına türk dilində "Yağış" adında şəxsiyyət vəsiqəsi almağa müvəffəq olub.

O bu xəbəri öz Instagram səhifəsində paylaşıb.

Yağış, Qabelnejad ailəsinin türk adı daşıyan üçüncü üzvüdür. "Uşaqlarımın hər biri üçün çox mübarizə apardım" deyən Babək Qabelnejad, Elşən və Sonər adlı uşaqlarına da şəxsiyyət vəsiqəsi almaqda çox çətinlik çəkdiyini qeyd edib.

İran Vətəndaşlıq Qeydiyyatı İdarəsi, Fars Dili və Ədəbiyyatı Akademiyası ilə birlikdə bir ad siyahısı hazırlayaraq, ailələrin bu siyahıdan ad seçmələrini təklif edir. Bundan əlavə ad seçmə prosesi onlayn şəkildə həyata keçirilməlidir və ailələr həmin idarənin saytında yerləşən siyahıda olan adlardan birini seçmək məcburiyyətindədirlər. Ailələr uşaqlarına bu siyahıda olmayan başqa bir vermək istədiyində ərizə yazaraq, aylarla uşaqlarının adının təsdiq edilməsini gözləməlidirlər.

Qeydiyyat idarəsinin siyahısında yer almayan adlar həmin idarənin və Fars Dili və Ədəbiyyatı Akademiyasının ekspertləri tərəfindən dəyərləndirilir. İran mətbuatı bu ekspertlərin arasında etnik adlar üzrə ekspertlərin də olduğunu qeyd etdə də, ümumilikdə türk adı ilə şəxsiyyət vəsiqəsinin verilməsinə icazə verilmir.

İranın Vətəndaşlıq Qeydiyyatı İdarəsi Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində yaşayan ailənin övladına seçdiyi Onur adına görə uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina etdə də, 3 il 6 aydan sonra şəxsiyyət vəsiqəsini vermək məcburiyyətində qalmışdı.

Keçən həftələrdə isə Səccad Colanini qızı Ayıl üçün şəxsiyyət vəsiqəsini 9 aylıq bir mübarizədən sonra ala bilmişdi. Ancaq "Anar", "Sevgi", "Atakan” adlı uşaqların valideynləri İran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən uşaqlarına şəxsiyyət vəsiqəsi almağa hələ də nail ola bilməyiblər.