“Taliban” qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi, ölkədəki xaotik vəziyyətin dərinləşməsi bölgədə qaçqın probleminin yenidən gündəmə gəlməsinə səbəb olub. Artıq Əfqanıstana qonşu ölkələrlə sərhəddə qaçqınların toplaşması faciəvi vəziyyət yaradıb.

Təhlükəsizlik səbəbindən Kabil aeroportu hərbi və mülki reyslərin hamısını müvəqqəti dayandırıb. ABŞ rəhbərliyi Əfqanıstandakı vəziyyətin daha da ağırlaşacağını istisna etməyərək, beynəlxalq ictimaiyyəti, o cümlədən Əfqanıstanın qonşularını ölkədən qaçanları qəbul etmək, “Taliban” hərəkatına isə ölkəni tərk etmək istəyən insanlara imkan yaratmaq üçün çağırış edib.

Məlum olduğu kimi, əfqan mühacirlərin vaxtilə üz tutduğu və məskunlaşdığı ölkələr sırasında Azərbaycan da var. İndiyədək Azərbaycanda 9 Əfqanıstan vətəndaşına qaçqın statusu verilib.

Hazırda Əfqanıstandan ölkəmizə mühacirət etmək istəyənlər varmı?

Modern.az bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, hələlik əfqanlar mühacirət üçün kömək istəməyiblər:

“Əfqanıstandan ölkəmizə mühacirət etmək istəyən əfqanlarla bağlı heç bir müraciət qeydə alınmayıb”.