Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı Azərbaycanla sülh danışıqlarına hazır olduqlarını bildirib. O, eyni zamanda danışıqlarla bağlı Bakıdan təkliflər gözlədiyini deyib:

 

“Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işlərin intensivləşdirilməsi vacibdir. Təəssüf edirəm ki, siyasi səs-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində qeyri-sabit vəziyyət proseslərin başlamasına ciddi təhlükədir”.

 

Paşinyanın gözlənilmədən belə bəyanat verməyi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bir çox insanlar Nikolun belə gedişlə özünü guya sülhsevər kmi göstərməyə çalışdığını hesab edir.

 

Həqiqətən, Ermənistan sülh danışıqlarına hazırdır, yoxsa bu, İrəvanın növbəti avantürasıdır?

 

 

Paşinyanın parlamentdəki çıxışını Modern.az-a şərh edən politoloq Tofiq Abbasov un fikrincə, Ermənistan rəhbərliyinin əməlləri dediyi sözlərlə uzlaşmır:

 

“Paşinyan çalışır ki, özünü sülhpərvər tərzdə dünya birliyinə təqdim etsin. Həqiqətən də danışıqlara, sülh məramına sadiqdirsə, gərək ilk növbədə bunu sözdə yox, əməllərdə göstərsin. Çünki biz bilirik ki, siyasi aləmdə, həyatda da vədlər, anonslar çox verirlər. Sonra görürsən ki, bir göz qırpımında vədlərindən imtina edirlər. Birinci dəfə deyil ki, Paşinyan tərəfindən belə vədlər eşidirik. Azərbaycan ilk olaraq kommunikasiyaların açılmasını təklif etdi, sonra altılıq platforması irəli sürüldü. Ermənistana Zəngəzur dəhlizi ilə bağlı vədlər verdik ki, onlar da bu dəhlizdən yararlanacaqlar. Ancaq biz gördük ki, Ermənistan gah nala vurur, gah da mıxa. Bir tərəfdən deyir ki, əməkdaşlığa hazırdır, digər tərəfdən ərazi iddiaları irəli sürür. Qarabağın daxilində yeni təxribatlar törədir. Ermənistanın əməlləri dediyi sözlərlə uyğun gəlmir. Amma biz həmişə qalib tərəfik, daim Ermənistanı gözləyə bilmərik. Çünki bizim qaçılmaz işlərimiz, vəzifələrimiz var və işlərimizi görürük. Ermənistan həqiqətən də sülh mərəmına hazırdırsa, ona sadiq olacaqsa, gərək bunu təsdiqləsin. Amma Azərbaycan təbii ki, öz qərarını verəcək. İndiki şəraitdə kortəbii şəkildə onların heç bir aldadıcı davranışına inanmalı deyilik. Bütün nəzarət bizim əlimizin altında olmalıdır.

Müharibədən sonrakı dövrdə biz qalib tərəfik. Biz burada Ermənistana aşağılayıcı əməllər törətmirik. Bilirik ki, onların vəziyyəti son dərəcə kritikdir. Nəhayət, onlara çıxış yolları təqdim edirik. Ermənilərin ağılları olarsa, bu işlərindən çəkilərlər”.

 

 

Paşinyan çalışır ki, ölkə daxilindəki bütün qüvvələrə yarınsın...

 

Politoloqun sözlərinə görə, erməni baş nazir qətiyyətli addımlar ata bilmir, sadəcə danışmaqla gündəmə gəlməyi bacarır:

 

“O, hamının istəyinə müsbət cavab verməyə çalışır. Hakimiyyəti seçkilərdə qazanıbsa, gərək qətiyyətini göstərsin. Biz görürük ki, qətiyyət baxımından bu adam kasaddır. Parlamentdə müzakirələr gedir, yeni ordu qurulur. 2026-cı ilə qədər onlar inkşaf proqramı tərtib edib, həyata keçirəcəklər. Burada əsas müddəalar var. 2026-cı ilə qədər yeni ordu yaradacaqlar. Sülh istəyən niyə yenidən ordu yaratsın?!  Ölkənin əsas vəsaitlərini, imkanlarını niyə orduya xərcləsin? Digər tərəfdən deyilir ki, qadınları da orduya cəlb ediləcək. Bu hansı siyasi düşüncənin nəticədir?  Deməli, müharibəyə hazırlaşırsan, burdan da bizim başımızın altına yastıq qoyursan. Ona görə də Paşinyanın belə çıxışları dəyəri olmayan boş vədlərdir. İndi zaman göstərəcək ki, hansı addımları atacaq. Ölkə daxilində yetkin lider funksiyasını üzərinə götürə biləcəkmi, yoxsa yox”.

 

Tofiq Abbasov onu da bildirib ki,  Paşinyan öz dediyini təkzib edir və gizli şəkildə müharibəyə hazırlaşır:

 

“Bir yandan deyir ki, mən Azərbaycanla sülh danışıqlarına hazıram, digər tərəfdən də ordu qurur. Bu ordu sənin nəyinə lazımdır? Sənin ordunu biz darmadağın edəcəyik. Ordunuzu yenidən gücləndirməyə cəhd edəcəksinizsə, yenə də geri qalacaqsınız. Bizim dəmir yumruğumuz həmişə sizin başınızın üstündə olacaq. Belədirsə, niyə səhv yolla getməyi seçirsən. Burada təbii ki, təzadlar var, onlar özləri də bilirlər ki, oyun oynayırlar. Bizi yolumuzdan döndərə bilməyəcəklər. Paşinyan gərək papağını qabağına qoyub fikirləşsin. Sonra gec olacaq. Biz öz yolumuza davam edəcəyik”.