Dünəndən etibarən Türkiyə hərbi qulluqçularını Əfqanıstandan çıxarmağa başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyi bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığını bildirib.

Türkiyədən sonra Azərbaycan da sülhməramlılarını Əfqanıstandan çıxaracaqmı? 

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, Kabildəki hərbçilərimiz yaxın üç gün ərzində ölkəyə qayıdacaq: 

““Taliban” qiyamçıları Əfqanıstanda xarici qoşunların olmasını arzu etmir və buna ehtiyac duymur. Yəqin ki, yaxın günlərdə Azərbaycan sülhməramlıları da Türkiyə kontingenti ilə paralel olaraq həmin ərazilərdən çıxacaq və ölkəyə qayıdacaqlar. Həm türk, həm azərbaycanlı hərbçilər xidmətlərini kifayət qədər uğur və ləyaqətlə yerinə yetirdilər. Görünür ki, artıq bu barədə razılıq əldə olunub”.

 Ekspertin fikrincə, hərbçilərimiz xidməti vəzifələrini şərəflə yerinə yetiriblər:

“Türkiyə və Azərbaycan kontingenti NATO ətrafında birgə fəaliyyət göstərirdi. Orada həyata keçirilən NATO missiyası idi. Qətiyyətli dəstək adlanırdı. Bu missiyanı yerinə yetirən NATO oradan çıxırsa, deməli, missiya sona çatır. Türkiyə və Azərbaycan əsgərləri Əfqanıstanda müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsizliyini qoruyaraq, öz xidmətlərini uğurla yerinə yetirdilər və insanların təhlükəsiz şəkildə hava limanından çıxmasını təmin etdilər. Artıq missiya başa çatdı. Hazırda "Taliban"la danışıqlar davam edir. Gələn həftə ərzində əsgərlərimizi Azərbaycanda gözləyirəm”.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən isə Modern.az-a bildirilib ki, sülhməramlılarımızın Əfqanıstandan çıxarılması ilə bağlı rəsmi xəbər olarsa, ictimaiyyətə bu barədə açıqlama veriləcək.