İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Ruzbeh Piri girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Ruzbeh Piri sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılıb.

Ruzbeh Piri sentyabr ayının 9-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum bir yerə köçürülmüşdü. Sentyabrın 28-də isə türk fəal təhlükəsizlik qüvvələrinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürülmüşdü.

Qardaşı Yaşar Piri öz Instagram səhifəsində şahidlərin dediyinə istinadən, Ruzbeh Pirinin tutulduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən ağır vəziyyətdə döyüldüyünü qeyd etmişdi. Güneyli fəalın ailəsi məhkəmə rəsmilərindən həbs edilən zaman oğullarını döyən təhlükəsizlik qüvvələri əməkdaşlarının mühakimə olunmasını istəyiblər.

Ruzbeh Piri “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham olunub. Veilən məlumata görə, Ruzbeh Piri “Dünəndən bu günə Qərbi Azərbaycan və bizim sabahlara olan borcumuz” adlı bir kitabça yazdığına görə bu ittihamla üzləşib.

Ruzbeh Piri daha öncə təhlükəsizlik qüvvələrinin işgəncəsinə məruz qalan qardaşı Yaşar Pirinin durumu ilə bağlı sosial mediada məlumat paylaşdığı üçün Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılaraq “yalan xəbər yaymaq” ittihamı ilə 5 milyon tümən cərimə ödəmək cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi Ruzbeh Pirinin cərimə hökmünü qüvvədə saxlamışdı.

Güneyli milli fəal Ruzbeh Piri daha öncə də dəfələrlə dinc fəaliyyətlərindən dolayı həbs və mühakimə edilib.

O, 2019-cu ilin noyabr ayında İranda baş qaldıran kütləvi etirazlar əsnasında bir çox digər milli fəalla bərabər həbs edilib, daha sonra ilkin məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi. O, nəhayət Apellyasiya məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.