Rəşt şəhərində yaşayan türk fəal Vədud Əsədi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, İranın Gilan vilayətinin mərkəzi olan Rəşt şəhərinin sakini olan milli fəal Vədud Əsədi oktyabr ayının 30-da təhlükəsizlik qüvvələri tərəfindən öz evində saxlanılıb.

Yayılan məlumata əsasən, təhlükəsizlik qüvvələri milli fəalın evində axtarış aparıb, Vədud Əsədi və onun ailə üzvlərini mobil telefonlarını müsadirə ediblər.

İndiyə qədər fəalın saxlanılmasının səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.

Güneyli milli fəal Vədud Əsədi daha öncə də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Rəşt şəhərində yaşayan digər türk fəallarla birgə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqlərində iştirak etməklə əlaqədar məhkəməyə çağırılmışdı.

Keçmiş tələbə fəalı Əsədi daha öncə də Ərdəbildə təhsil aldığı zaman mədəni fəaliyyətlərindən dolayı saxlanılıb və mühakimə edilmişdi. O, qapadılmış “Səhər” tələbə jurnalının keçmiş baş yazarıdır.