“Ermənistanla Azərbaycan arasında müharibə SSRİ-nin süqutu dövründə başlayıb və birinci mərhələ Ermənistan qoşunlarının Azərbaycan ərazisinin 17%-nin işğalı ilə nəticələnib. Bu da Rusiyanın dəstəyi ilə olub”.

Modern.az xəbər verir ki, bu sözləri Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti Jerom Lambert “Feysbuk” hesabında paylaşdığı statusa yazılan şərhlərdən birinə cavabında qeyd edib.

İzləyicisinin “Azərbaycanın Qarabağa nəzarət etmək üçün Türkiyənin dəstəyi ilə ermənilərə hücum etdiyi barədə iddiasının əsassız olduğunu bildirən deputat vurğulayıb ki, erməni lobbisinin dediklərini təkrarlayan millətçilərin təbliğatı həqiqəti əks etdirmir:

 "Ermənistan “xristiandır”, lakin etiraf etmək lazımdır ki, o həm də qeyri-xristian əhalinin öz doğma ərazisindən məcburi çıxarılmasına səbəb olub.  Biz də bu gün bunu etnik təmizləmə adlandırırıq. Azərbaycan əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olsa da, burda xristianlar, yəhudilər  təhlükəsiz şəraitdə yaşayır. Bu, dünyəvi konstitusiyaya malik dövlətdir. Papa iyirmi ildə iki dəfə bu ölkəyə səfər edib. Bakı yepiskopu ilə onun Bakının tam mərkəzindəki kafedralında görüşdüm. Erməni millətçilərinin təbliğatının yaratmaq istədiyi təəssüratdan çox fərqli bir reallıq var. Mən sizə dünyaya, mədəniyyətə və qonaqpərvər insanlara açıq olan bu ölkəyə getməyi təklif edirəm”.

J.Lambert BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair bütün qətnamələrində Ermənistanın Azərbaycan ərazilərini tərk etməyə çağışların əksini tapdığını xatırladıb: “Danışıqlar Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsi ilə nəticələnmədi. Azərbaycan öz ərazilərini güc yolu ilə geri qaytarmağa məcbur oldu. Lakin erməni millətçiləri bu faktları unutdurmağa çalışırlar. Hər şeyin bir tərəfdə ağ, digər tərəfdə qara olduğunu göstərən hekayələr uydururlar. Amma inanın ki, siz vəziyyəti bilsəniz, reallıq erməni millətçilərinin çıxışlarından çox fərqlidir.”