İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də  mətbuat konfransı keçirib. S.Xətibzadə konfransda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər.

Prezidentlərin görüşü iki ölkə əlaqələrinə necə təsir edəcək?

İran və Azərbaycan arasında münasibətlər haqqında Modern.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, əvvəlcə görüşün keçirilməsinin hansı zərurətdən doğduğuna baxmaq lazımdır:

“Son aylarda Azərbaycan və İran arasında münasibətlər məüyyən gərginlik fonunda irəliləyirdi. İran tərəfi haqsız olaraq Azərbaycana qarşı bir sıra iddialar irəli sürürdü. Azərbaycana qarşı ərazi bütövlüyünün pozulması ilə bağlı törətdiyi əməlləri örtmək üçün qonşuluq münasibətlərinə yaraşmayan davranışlar sərgiləyirdi. Ötən ay Ərdoğanın Azərbaycana səfəri və buradan İrana qarşı açıq şəkildə mesaj verməsi ki, Azərbaycan ərazisində xarici dövlətin, xüsusilə də İsrailin heç bir qoşunu yoxdur, bundan sonra İran və Azərbaycan arasında münasibətlər yumşalmağa başladı. Yaranmış müəyyən bir gərginliyə mülayimlik gətirildi. Bundan sonra İran tərəfi haqsız olduğunu başa düşdü”.

S.Soltanın sözlərinə görə, bundan sonra Azərbaycan və İran arasında münasibətlər əvvəlki formasında davam edəcək:

“Ola bilsin ki, Azərbaycanın bir neçə layihəsində İran tərəfi iştirak etsin. Hər halda İranın Ermənistana münasibəti heç vaxt dəyişməyəcək. Sadəcə olaraq, Azərbaycanla yaranmış gərginliyi aradan qaldırmaq istəyirdilər”.