Urmiyə gölünün su səviyyəsi ötən ilin eyni müddəti ilə müqayisədə 66 sm azalıb.

Qərbi Azərbaycan vilayəti Ətraf Mühit Təşkilatının rəisi Səid Şəhənd hal-hazırda Urmiyə gölündə su səthinin açıq sulardan 1270,77 metr yüksək olduğunu bəyan edərək, bu səviyyənin ötən illə müqayisədə 66 sm daha az olduğunu bildirib.

Yayılan son xəbərlərə görə, Urmiyə gölündə suyun səviyyəsi azalıb və gölün sahəsi də ötən il ilə müqayisədə kiçilib.

Qərbi Azərbaycan Regional Su Şirkətinin direktoru Məcid Dəstgahi İSNA xəbər agentliyi ilə müsahibədə bu məsələyə toxunub. Dəstgahinin dediyinə əsasən, hazırda Urmiyə gölünün sahəsi 2489 kvadrat kilometrdir.O həmçinin Urmiyə gölünün suyunun həcminin hazırda 3 milyard 110 milyon kubmetr olduğunu, keçən ilin aprel ayında bu rəqəmin 5 milyard 290 milyon kubmetr olduğunu deyib. Beləliklə, onun sözlərinə görə, Urmiyə gölündə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 180 milyon kubmetr azalıb.

Rəsmi tərəfindən verilən statistikaya görə, hazırda Qərbi Azərbaycan vilayətində olan bəndlərin arxasında 1366 milyon kubmetr su var.

Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının texniki məsələlər üzrə müavini Höccət Cabbari rəsmi dövlət agentliyi olan İRNA-ya deyib ki, Urmiyə gölünə bu il bəndlərdən buraxılmasına icazə verilən 3.4 milyard kubmetrdən 700 milyon kubmetr həcmdə su bəndlərdən gölə buraxılıb. Bu rəqəmlər gölə bəndlərdən buraxılmalı olan suyun həcminin yalnız 20 faizinin buraxıldığını göstərir. Rəsmi nümayəndə gölə kifayət həcmdə suyun buraxılmamasının səbəbini yağıntıların azalması və bəndlərin arxasına yetərli miqdarda suyun toplanmaması ilə izah edib.

Urmiyə gölü 1996-cı ildən qurumağa başlayıb. Urmiyə Universitetinin müəllimi Nasir Aq İLNA xəbər agentliyinə deyib ki, gölün quruma prosesi başladıqdan bəri gölün 90 faizi quruyub. “Urmiyə gölünün su həcmi 1996-cı ildə yəni quraqlığın əvvəlində 30 milyard kubmetr idi. İndi isə cəmi 3 milyard kubmetri qalıb ki, bu da 10%-ə yaxındır, bu isə fəlakət deməkdir,” o bildirib.

Bəzi ətraf mühit tədqiqatçıları və ekspertlərinin bildirdiyinə görə, bu gölün qurumasının əsas səbəblərindən biri gölə axan çayların qarşısında lazım olmayan və prinsipsiz bir şəkildə tikilən çox sayda bəndlərdir.

İran Azərbaycanında vətəndaşlar dəfələrlə Urmiyə gölünün canlandırılması tələbi ilə müxtəlif etirazlar keçirib. Onlar Urmiyə gölünə axan çayların qarşısındakı bəndlərin aradan qaldırılmasını tələb etsələr də, İran hökuməti bu məsələyə diqqət yetirməyib və bu etirazlarda iştirak edən bir çox vətəndaş həbs edilərək, məhkəmələrdə fərqli ittihamlar əsasında günahkar tanınıblar.

Urmiyə gölü dünyanın ikinci duzlu gölü və İranın ən böyük gölüdür.