Daxili İşlər Nazirliyi Gəncə şəhərində qumbara partlaması ilə bağlı rəsmi məlumat yayıb.
Mayın 5-də saat 3 radələrində Gəncənin E.Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman və Sərxan, qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyevlə həmyerliləri Ramiz Quliyev və onun dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib.
Bu zaman M.Əhmədov özü ilə gətirdiyi "F-1" tipli əl qumbarasından istifadə edərək partlayış törətmiş, nəticədə özü və T.Əhmədov hadisə yerində ölmüş, Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğunun, Kəpəz RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Yalçın Quliyev saxlanılmış, Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır./modern/