Noyabrın 30-da Ermənistan tərəfi ilə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçusu, əsgər Bəhruz Nəsibov sol qolundan yaralanıb.
Nazirliyin digər məlumatında isə bildirilir ki, qoşunların təmas xəttində düşmənin açdığı atəş nəticəsində əsgər Elşən İsmayılov şəhid olub.
Ehtiyatda olan polkovnik Xətai Baxışov Modern.az saytına açıqlamasında şəhidə Allahdan rəhmət diləyib və Azərbaycan tərəfinin bundan sonra daha qətiyyətli mövqe sərgiləyəcəyini vurğulayıb:
“Bu gün döyüş bölgəsində Azərbaycanın bir əsgəri yaralanıb, digəri şəhid olub. Mətbuatda gedən məlumatlardan görünür ki, erməni tərəfi atəşkəsi pozur, bizimkilər də onları susdurur. Əminəm ki, güclü Azərbaycan ordusu ermənilərin tam şəkildə cavabını verəcək”.
Onun fikrincə, bundan sonra ermənilərə rahatlıq olmayacaq: “Keçmiş müdafiə naziri Səfər Əbiyevin vaxtında cavab atəşi açmağa icazə verilmirdi. Mən şəxsən özüm xüsusi təyinatlı hərbi hissədə komandir olduğum vaxtlarda dəfələrlə bunun şahidi olmuşam. İstisna olaraq bizim hərbi hissəyə atəş açmağa icazə vardı.
Ancaq digər döyüş bölgəsində olan hərbi hissələrdə atəş açmağa icazə yox idi. Ermənilər o dövrdə də dəfələrlə atəşkəsi pozurdular.
İndiki müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən düşmən bir dəfə atəş açanda, biz 5 dəfə artıq cavab veririk. Belə də davam edəcək.
Hərbi ekspert kimi bunu alqışlayıram. Ermənilərin cavabını vermək, onları susdurmaq lazımdır.
Onlar torpaqlarımızda oturub bizə atəş açırlar. Biz susmamalıyıq, onlara başlarını qaldırmağa imkan verməməliyik”.