Martın 26-da Belçikanın Ham şəhərində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti və şəhər bələdiyyəsi tərəfindən Novruz şənliyi təşkil olunub. Tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri və 200-dən artıq şəhər sakini iştirak edib.
Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar elan edilmiş matəm günlərindən sonra Belçikada təşkil edilən ilk kütləvi tədbirlərdən biri olan mərasimdə çıxış edən Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və Ham şəhərinin meri Dirk De Vis bu qədim bayramın əhəmiyyətindən bəhs edib, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın və bütün türk dünyasının min illər boyu sahib olduğu milli-mədəni irsin qitə səviyyəsində tanınmasına imkan yaratdığını qeyd ediblər.
Səfirliyin müşaviri Zaur Əhmədov bayram münasibətilə iştirakçıları təbrik edib, tədbirin Belçikada baş vermiş məlum hadisələrdən sonra Azərbaycanın belçikalı dostlarına bahar nikbinliyi gətirməyə xidmət etdiyini diqqətə çatdırıb.
2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş Novruzun həmrəylik aşılamaqla bugünkü dünyada ciddi ehtiyac duyulan xalqlararası dostluğa və anlaşmaya töhfə verdiyi vurğulanıb.
Daha sonra Novruz bayramı haqqında film nümayiş etdirilib, iştirakçılara bayram adət-ənənələri barədə məlumat verilib.
Tədbirin sonunda Azərbaycan musiqiləri ifa olunub və bayram süfrəsi açılıb./azertag/


|