Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində təhsil alan azərbaycanlı tələbə Fərid Abdullayevin İtaliyanın “Gazzetta regioanale” onlayn jurnalında müsahibəsi yerləşdirilib.
Böyük futbol həvəskarı olan F.Abdullayev bu idman növünə göstərdiyi böyük maraqdan, ölkəmizdə idmanın inkişafından və İtaliyada reallaşdırmaq istədiyi planlarından danışıb. Bildirib ki, futbol məşqçisi olmaq onun ən böyük arzusudur.
O deyib: “İtaliya futbolunun böyük azarkeşi olmağım məni bu ölkədə təhsil almağa həvəsləndirdi. İtaliyalı məşqçilərin fəaliyyətini izlədiyim zaman bu peşəyə marağım daha da artdı”.
Azərbaycan gənclərinin futbola maraqlarının artdığını diqqətə çatdıran F.Abdullayev vurğulayıb ki, son illər ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məşhur məşqçiləri ölkəmizə dəvət edərək futbolumuza yeni nəfəs qatmağa çalışır. Son illər Azərbaycan klubları yaxşı oyun nümayiş etdirərək xarici futbolsevərlərin diqqətini cəlb etməyi bacarıblar.
Xüsusilə “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışı təqdirəlayiqdir.
O deyib: “İtaliyada arzuladığım peşənin bütün sirlərinə yiyələndikdən sonra ölkəmə qayıdaraq futbolumuzun inkişafına töhfə vermək istəyirəm”./azertag/
|