Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub.
Trend-in məlumatına görə, əvvəlcə “Sumqayıt” doğma meydanda “Qəbələ”ni sınağa çəkib.
Oyunun ilk hissəsində qol qeydə alınmayıb. 66-cı dəqiqədə isə ev sahibləri hesabı açıblar - Məhəmməd Qurbanov fərqlənib.
Matçın əsas vaxtına 3 dəqiqə qalmış Cavid Hüseynov penalti zərbəsini dəqiq yetirməklə hesaba tarazlıq gətirib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.
Lənkəranda "Xəzər Lənkəran" və "Qarabağ" klubları qarşılaşıblar.
7-ci dəqiqədə Muarem Muarem Ağdam təmsilçisini önə keçirib. 10 dəqiqə sonra "Qarabağ"ın digər oyunçusu Qara Qarayev də fərqlənib, lakin oyunçu qapıların yerini səhv salıb - avtoqol.
56-cı dəqiqədə Sadio Tounkara lənkəranlıları sevindirib. Lakin bu sevinc cəmi 7 dəqiqə davam edib - M.Muarem dubla imza atıb - 2:2.
Bu da son olmayıb. 79-cu dəqiqədə Bədavi Hüseynov "Qarabağ"ın qələbə qolunu vurub - 2:3.
Paytaxt derbisində isə “İnter” və “Neftçi” üz-üzə gəliblər. Birinci hissənin son dəqiqələrində Nikolas Kanales fərqlənib.
64-cü dəqiqədə Franka Nildo hesabı bərabərləşdirib. 7 dəqiqə sonra Məhəmməd Mirzəbəyov "bankçılar"ı irəli salıb - 2:1.
Beləliklə, "Qarabağ" 15 oyundan 31 xalla turnir cədvəlində lider mövqeyini möhkəmlədib. "İnter" 28 xalla ikinci pilləyə yüksəlib, "Neftçi" isə 26 xalla üçüncüdür.
Qeyd edək ki, "Simurq"un istirahət etdiyi bu tura "Bakı" - AZAL (1:3) matçı ilə start verilmişdi.
|