Son günlər Rusiyada soydaşlarımıza qarşı hücumlar artıb. Soydaşımız Orxan Zeynalov Yuri Şerbakovu qətlə yetirməkdə ittiham olunduqdan sonra, yəni cinayətin kim tərəfindən törədilməsi təsdiqlənməmiş minlərlə rus millətçisi miqrantların üzərinə hücuma keçib, guya Şerbakovun intiqamını almağa çalışdılar. Bunun nəticəsində isə azərbaycanlıların və qeyri-azərbaycanlıların işlətdiyi obyektlər dağıdıldı.
Ümumiyyətlə, bu gün hamını bir sual düşündürür ki, hadisələrin bu səviyyəyə gəlib çatması kimlərə lazım idi? Öncə onu qeyd edək ki, Orxan Zeynalov məsələsi ətrafında bu səviyyədə şounun yaradılması Kremlin maraqlarına cavab verirdi. Məhz bu hadisələrin ardınca “Pokrov” bazarının bağlanması məsələsi aktuallaşdı və bazarın boşaldılması ilə bağlı qəti qərar verildi.
Deməli, bu faktın özü yaşanan hadisələrin əsl mahiyyətinin açılmasını göstərir. Həmçinin, neçə zamandır ki, Moskvanın yeni merinin bazarları ələ keçirməyə çalışdığı haqda iddialar dolaşmaqdadır. Təbii ki, mer bu işə özbaşına gedə bilməz və onun arxasında hansısa güclər dayandığı üçün siyasəti gerçəkləşdirir.
Bəs Orxanı Rusiyanın daxili işlər nazirinin yanına gətirməkdə məqsəd nə ola bilərdi? Orxanı Rusiyanın daxili işlər nazirinin yanına gətirərək, nazirin ona ərkyana və ironiya ilə baxması Rusiyada hüququn nə yerdə olduğunu açıq şəkildə ortaya qoydu. Nazirin bu addımı qeyri-qanuni bir addımdır.
Üstəlik, nazirin bu addımı millətçilərin könlünü almaq və onlara mənəvi dəstək idi. Analitiklər hadisənin şişirdilməsini rəsmi Bakıya təzyiq kimi dəyərləndirirlər. Rəsmi Kremli Azərbaycanı Avrasiya İttifaqı və Gömrük İttifaqına cəlb etməyə çalışdığını proqnozlaşdırırlar. Yəni Kreml bu yolla ittifaqdan məsafə saxlayan Azərbaycanı cəzalandırır. Bu hadisələrin geostrateji tərəfi də ola bilər.
Artıq vəziyyət o qədər qəlizləşdi ki, Rusiyanın tanınmış siyasi ekspertləri, ziyalıları, hüquq müdafiəçiləri Kremlə sərt etirazlarını bildirməyə başladılar. Rusiyanın məşhur televiziya aparıcısı Kseniya Sobçak Zeynalovun saxlanılmasını əks etdirən videonu rejissor Fyodor Bondarçukun yaradıcılığı, Zeynalovu isə Ben Ladenlə müqayisə edib:
“Belə təəssürat var ki, Zeynalovun saxlanılması epizodunun prodüseri Rodnyanskidir, filmi isə Fyodor Bondarçuk çəkib. Qısası, bizim Ben Laden həbs olunub. Ölkə xilas edilib” - bunu Sobçak öz “Twitter” səhifəsində yazıb. Çox təəssüflər olsun ki, yaşanan hadisələr Rusiyanın siyasi-ictimai və sosial palitrasının göstəricisdir.
Bu məsələ ilə bağlı bəzi fikirlərini öyrəndiyimiz şəxslər də məsələnin arxasında başqa faktorların durduğunu qeyd etdilər. Millət vəkili Adil Əliyev müstəqil Azərbaycanın dünyada qazandığı uğurlar və bu uğurları sevməyənlərin əlinə düşən fürsətdən hər zaman istifadə etdiklərini söylədi:
“Orxan Zeynalovu məhkəmənin qərarı olmadan cinayətkar adlandırmaq, onu törətdiyi cinayəti sübuta yetirmədən cinayətkar adlandırmaq özü bir ədalətsizlikdir, cinayətdir və insanlığa qarşı zorakılıqdır. Amma Orxan Zeynalova qarşı törədilən cinayəti biz sizlərlə bir fakt olaraq televiziyadan gördük. Maskalıların sanki Usama Bin Ladeni tutmuş kimi özlərini aparması, şübhəli şəxsi qatı cinayətkar kimi təpikləməsinin arxasında nəyin durmasını gözəl başa düşürəm”, - deyə millət vəkili bu tip cinayətlərin bütün ölkələrdə hər gün törədildiyini diqqətə çəkdi:
“Əlimizdə Rusiyada DİN-nin baş vermiş hadisələrin statistikası olsaydı, görərdik ki, Rusiyanın başqa regionunda həmin vaxt bu tip başqa bir qətl törədilib. Bu cinayət hadisəsini Orxan Zeynalov yox, başqa birisi də törətsəydi, onu böyük olaya çevirəcəkdilər. Sadəcə, kimlərəsə bu hadisə göydən düşmə oldu və çox bacarıqla bu hadisəni miqrantlar və miqranların çörək pulu qazandığı meyvə-tərəvəz bazarları ilə əlaqələndirdilər və bağladılar.
Burada erməni faktorunun olduğunu düşünürəm. Biz hər dəfə böyük uğur qazandıqca bu tip təxribatların da ola biləcəyini düşünməliyik. Öz vətəndaşlarımız bu cür təxribatlara şərait yaradan hadisələrin törədilməsinin qarşını almağa çağırmalıyıq. Hamımız səbrli və təmkinli olmalıyıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın əls mafiya qanunları ilə idarə olunduğunu dedi:
“Rus kilsəsi miqrantlara hücum edən skinhedlərə bəraət qazandırır və “daha bərk vurun” demək istəyir. Rusiyada əls mafiya qanunları işləyir. Yuri Şerbakovun qətlinin əvəzini Orxan Zeynalovu döyməklə çıxdılar. Ondan sonra hollandiyalı diplomatdan intiqam alıblar”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun eksperti, tanınmış yazar-təhqiqatçı Anar Turan mövzuya sərt yanaşıdı:
“Rusiyada bir nəfər azərbaycanlının “kriminal” hərəkəti bütün ultra-millətçiləri ayağa qaldırdı. Və qatilliyi hələ də sübut olunmayan şəxs dərhal tutuldu. Üstəlik, ittiham olunan Orxan Zeynalova qarşı açıq zorakılıq, fiziki təzyiq və alçaldıcı hərəkətlər edildi. Əgər həmin şəxs bu cinayəti törədibsə, bu, qanun çərçivəsində həll olunmalı və müttəhim cəzalandırılmalı idi.
Belə bir hadisə ruslara əsas vermir ki bir azərbaycanlı ilə, ümumiyyətlə, bir insanla bu cür alçaldıcı rəftar eləsinlər. Bu, insan haqlarına ziddir. Onlar Orxanın timsalında Azərbaycan xalqını təhqir etmək istədilər. Biz buna davamlı ictimai təpki göstərməliyik. Hadisə baş verəndən sonra bəhanə olaraq da oradakı azərbaycanlılar, orta Asiya əsillilər sanki hədəfə alınıb. Onlar kütləvi şəkildə incidilir, təhqir olunur, öldürülür və iş yerləri əllərindən alınır. Bu, açıq-aydın vəhşi irqçilikdir.
Bütün sferalarda bu etirazı bildirməliyik. Rusiyadakı diasporamız da buna susmamalıdır. Sussalar gələn dəfə bundan da pis təhqir ediləcəklər! Bu hadisəylə Rusiya qafqazlılar, xüsusilə, azərbaycanlılar üzərində hegemonluğunu bir daha nümayiş etdirmək istəyir. Qısaca olaraq, bizi hədələyir. Orxan Zeynalov qatildirsə, onun tərəfində deyilik, əlbəttə. Amma Rusiyaya xatırlatmaq lazımdır ki, burada yüz minə yaxın rus var. Və bir gün Azərbaycanda hansısa rus cinayətkarla, fərqi yoxdur, kiçicik yolundan azanla da bu cür davrana bilərlər. Məncə, bunları daha ciddi şəkildə Rusiyaya xatırlatmaq, anlatmaq gərəkdir”.
“Rusiyada baş verən son hadisələr əslində gözlənilən idi. Azərbaycanın nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına qoşulmaq istəməməsinə şimal qonşumuzun səssiz qalmayacağı aydın idi. Ruslar öz ənənəvi silahlarından hansınısa işə salmalı idilər”, - deyə bu sözləri Bakı Dövlət Universitetinin müəllimi, geosiyasi analitik Vüqar Zifəroğlu dedi:
“Bu dəfə miqrantlar məsələsi oldu. Orxan Zeynalov hadisəsi, sadəcə, bir bəhanə idi. 4-cü hakimiyyətin bütün imkanlarından maksimum dərəcədə istifadə edən Kreml millətimizə qarşı çox çirkin bir PR qurdu. Məişət zəminində baş verən kriminal xarakterli hadisə şişirdilərək milli ədavət şəklində təqdim edildi. O.Zeynalov sanki dünyanın bir nömrəli terrorçusu kimi xüsusi təyinatlılar tərəfindən həbs edilərək, şou ilə Moskvaya gətirildi və idbar bir hərəkətlə rus nazirin qarşısında alçaldıldı.
Son iki ildə Rusiyadan Azərbaycana onlarla vətəndaşımız tabutda qaytarılıb. İndiyədək səssiz qalmağımızın bədəlidir bunlar. Dünən isə, 26 yaşlı bir həmyerlimizi dayanacaqda doğradılar. Bütün bu şovinist və qaniçən münasibət rus imperialist təfəkkürünün xəstə beyninin məhsuludur. Bu isə gec-tez onların əleyhinə çevriləcək. Çevriləcək, ona görə ki, nə Qafqaz, nə Tatarıstan bu xəstə təfəkkürlü rus ayısı ilə öz yolunu uzlaşdıra bilməyəcək. Sadəcə, geci və ya tezi var...”, - deyə analitik əlavə etdi.
Elnur Eltürk
|