Azərbaycanda təhsili bazar kimi görmək istəyən (“keyfiyyətin düşməni”) müəllimlər, valideynlər və tələbələr az deyil. Amma nə yaxşı ki, bunlara müqavimət göstərən müəllimlər, valideynlər və tələbələr də var. İdarəetmədə də hər iki istiqamətdən insanlar mövcuddur.
Bəziləri düşünür ki, təhsil sadəcə forma olaraq mövcud olmalıdır. Mahiyyətə ehtiyac yoxdur. Təhsil müəssisələri, binalar, əməkdaşlar, rəhbərlik, şagirdlər (ya da tələbələr) mövcud olsun. Amma içində təhsil olmasın. Eləcə gəlib getsinlər, pul qazansınlar, pul xərcləsinlər.
Özlərini göstərsinlər (bu, cəmiyyətimizin bir hissəsinin həyatının mənasına çevrilib). Mümkün olduqca qırıb dağıtmaqda, yol verməməklə, qeyri-mədəni davranışlarla, böyük avtomobilə (telefona) sahib olmaqla kimlərəsə özlərini sübut etsinlər və s.
Başqa bir qrup isə istəyir ki, insanlar normal təhsil alsınlar. Elm, dünyagörüşü, mədəni səviyyə, iqtisadi qabiliyyət və s. baxımından inkişaf etsinlər. Həm özlərinə, həm ailələrinə, həm cəmiyyətə, həm də ümumən insanlığa faydalı olsunlar. İkinci qrupda olanlar ümumiyyətlə rüşvəti və xüsusilə də təhsildə rüşvəti, “tapşırma”nı sadəcə mənfi hal ya da hüquq pozuntusu kimi deyil, ayıb bir hərəkət (mənəviyyat pozuntusu) kimi qiymətləndirirlər.
Birinci qrupda olanlar isə cəmiyyətin inkişafdan geri qalması (və dolayısıyla bir gün özlərinin də bu gerilikdən zərbə almaları) bahasına da olsa rüşvəti, təhsilin keyfiyyətinin aşağı düşməsini müdafiə edirlər. Sadəcə anlıq hisslərini doyurduqları üçün... Sadəcə bununla da kifayətlənmirlər. Mövqelərini itirmə təhlükəsini hiss edəndə namusuyla, vicdanıyla işləyənlərə şər-böhtan atırlar.
Bu mübarizə dünyanın hər yerində mövcud olub, indi də mövcuddur. Amma o cəmiyyətlər uğur qazanıb və inkişaf edib ki, orada çoxluq təhsilin inkişafının və təmizliyinin yanında durub. Məşhur ifadədə də deyildiyi kimi: “Bir ölkədə namuslu insanlar ən az namussuzlar qədər cəsarətli olmasa o ölkənin gələcəyi yoxdur...”
***
Onsuz da sabit olmayan bölgəmizdə Rusiya-Türkiyə qarşıdurması riskləri daha da artırdı. Rusiyanın son addımları Türkiyəni Qərbə çox yaxınlaşdırdı. Türkiyə ilə Qərbin mövqeləri hazırkı beynəlxalq münasibətlərin əksər məsələləri üzrə eynidir ya da yaxındır. Hətta Türkiyənin çox həssas yanaşdığı və qopmaq nöqtəsinə gələn İsrail ilə münasibətlər barədə belə yaxınlaşma başladı.
Bu vəziyyətdən narahat olan Rusiya və İranın Türkiyə-Qərb qarşıdurmasına ya da ən azı fikir ayrılığına nail ola biləcəyi bir neçə mövzu var. Fələstində gərginliyin artması və Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artması (kiçik miqyaslı da olsa müharibənin başlaması da bunlar arasındadır. Bunlar, sadəcə ehtimallardan ikisidir. Eləcə bir kənarda qeyd kimi qalsın deyə yazdım...
***
İnkişaf etmiş ölkələrlə digər ölkələr arasında təfəkkür baxımından ciddi fərqlər mövcuddur. İnkişaf etmiş düşüncəsi elmə və ağla əhəmiyyət verir. Amma pulun və gücün də işə yaradığına inanır. Geri qalmış düşüncə isə pulu və gücü hər şeyin açarı hesab edir. Elmin və ağlın da pis şey olmadığını düşünür.
Ona görə də inkişaf etmiş ölkələrdə daha çox elmlə məşğul olub, ağılla qərar verməyə çalışırlar. İnkişaf etməmiş ölkələrdə isə daha çox elm haqqında ədəbiyyatla məşğul olub, pul və güc ilə qərar verməyə çalışırlar...
İnkişaf etmiş ölkələrdə siyasətçilər mütəxəssislərin (aydınların, alimlərin, tədqiqatçıların və s.) fikirlərini öyrənərək şüarlar müəyyənləşdirirlər. Digər ölkələrdə isə “mütəxəssis”lər siyasətçilərin şüarlarını dinləyərək “fikir” formalaşdırırlar...