Ermənistan 28 ildir, Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal edib və bu işğal hələ də davam edir. Münaqişənin həll edilməsi üçün Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşməsi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun vasitəçilik təşəbbüsü də nəticəsiz qalıb. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsi üçün çalışsa da, Ermənistan hələlik bu təşəbbüsə müsbət qarşılıq vermir.
Etnik münaqişələrin həll edilməsi zamanı praktikada geniş yayılmış digər ölkələrin vasitəçiliyindən (ATƏT Minsk qrupu) və ikitərəfli müzakirələr (prezidentlərin ikili görüşmələri) əhəmiyyət daşıyır. Bir digər yol da işğalçını sülhə məcbur etməkdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnən münaqişənin həll edilməsi üçün ilk iki vasitədən istifadə edilsə də, üçüncü yol hələlik gündəmdə deyil.
İlk iki vasitənin imkanlarının hələ də tükənmədiyinə inanan tərəflər və vasitəçilər münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə davam edirlər. Üçüncü yol isə beynəlxalq hüquq çərçivəsində müraciət ediləcək ən son və çətin yoldur. İlk iki yol, əsasən, siyasi məzmun kəsb etsə də, üçüncü yol hüquqi və hərbi mahiyyət daşıyır.
Ermənistanın ilk üç prezidentinin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə diqqət yetirdikdə, Levon Ter-Petrosyandan fərqli olaraq Robert Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ probleminin həll edilməsində uzlaşmaz mövqe tutduqlarını görürük. Azərbaycan torpaqları Ermənistan tərəfindən məhz Levon Ter-Petrosyan hakimiyyəti zamanı işğal edilsə də, Ter-Petrosyan 1998-ci ilə qədər problemin sülh yolu ilə həll edilməsi istiqamətində siyasi iradə nümayiş etdirməyə cəhd göstərən ilk Ermənistan prezidentidir, elə bu səbəbdən də 1998-ci ildə istefa etməyə məcbur oldu.
Onu əvəz edən Robert Köçəryan və Serj Sərkisyan isə Azərbaycan torpaqlarının işğal edilməsi və Xocalı soyqırımının həyata keçirilməsində hərbi əməliyyatlarda birbaşa iştirak edən şəxslərdir. Əlbəttə, onların hakimiyyəti zamanı münaqişənin həll edilməsi istiqamətində ciddi irəliləyiş qeydə alınmadı.
Nikol Paşinyan 2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gəldiyi zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində pozitiv fikirlər ortaya atılsa da, hələlik sükunət davam edir.
Münaqişənin həll edilməsi istiqamətində Nikol Paşinyanın daha realist siyasət həyata keçirəcəyinə dair ümidlər doğrulmadı. Problemin Nikol Paşinyan obrazında həll ediləcəyinə ümidli olanlar onun siyasi-psixoloji portretinə diqqət etməlidilər.
Paşinyanın siyasi-psixoloji portretini öyrənmək üçün isə aşağıdakı məsələlərə xüsusilə əhəmiyyət vermək lazımdır:
Birincisi, Paşinyan hakimiyyətə gəlmədən əvvəl Azərbaycan torpaqlarının işğal edilməsi probleminə aid münasibəti necə olub? Yəni, bu problemlə bağlı son iyirmi ildə jurnalist və siyasi partiya lideri kimi fəaliyyəti zamanı obyektiv münasibət bildirib, yoxsa, işğalı dəstəkləyib? Ən azından Paşinyanın bu problemlə bağlı obyektiv münasibət bildirməsi haqqında əlimizdə heç bir informasiya yoxdur.
İkinci ən əhəmiyyətli məsələ, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində verdiyi bəyanatlar bizə onun siyasi-psixoloji portretini tamamlamağa kömək edən əsas amildir.
Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində müxtəlif fikirlər səsləndirib. Bu fikirləri aşağıdakı kimi təsnif etmək mümkündür:
Birincisi, Paşinyan hələ 2000-ci illərin ortalarına qədər Ermənistan xarici siyasətində prioritet məsələ olan qondarma rejimin müzakirələrdə tərəf olaraq iştirak etməsi məsələsini gündəmə gətirdi. Qeyd edək ki, bu taktika uğurlu nəticə vermədiyindən daha əvvəlki hökumətlər bu taktikadan əl çəkdilər. Paşinyan isə uğursuzluqla nəticələnmiş bir təcrübəni yenidən həyata keçirməyə cəhd göstərərək prosesi uzatmağa çalışdı. Bu prosesi uzatmağa çalışmasını onun hakimiyyətinin hələ zəif olması ilə izah edilə bilər.
2018-ci ilin 9 dekabr tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi və Paşinyanın parlament üzərində nəzarəti təmin etməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı daha realist və praqmatik siyasət həyata keçirəcəyini düşünənlər yenə də yanıldılar.
İkincisi, Paşinyan növbədənkənar parlament seçkilərindən sonra məsələ ilə bağlı verdiyi bəyanatlarda onu qondarma rejimdə yaşayan ermənilərin baş nazir seçmədiklərini və Dağlıq Qarabağ probleminin həll edilməsinin onun səlahiyyətləri daxilində olmadığını bildirməsi oldu. Bu bəyanatlar, əslində, Paşinyanın "qondarma rejim müzakirələrdə tərəf olsun" siyasətinin məzmunca eyni, formaca dəyişik şəkildə təkrarlanmasından başqa bir şey deyil.
Üçüncü bir məsələ isə Paşinyanın hakimiyyətə gəlməsindən sonra erməni ictimai rəyini sülhə hazırlamaq yönündə hər hansı fəaliyyət göstərməməsidir. Əksinə, Paşinyanın verdiyi bəyanatların məğzinə diqqət etdiyimizdə, erməni ictimai rəyini nəinki sülhə hazırladığı, hətta daha əvvəlki prezidentlər kimi uzlaşmaz siyasətə davam etdiyini və edəcəyini görmək mümkündür.
Paşinyan siyasi rəqiblərini müxtəlif üsullarla oyundan çıxarmağa çalışır. Sabiq prezident Robert Köçəryanın 2008-ci il 1 mart hadisələri ilə ittiham edərək həbs edilməsi, oliqarxlara və generallara yönəlik təzyiqləri onun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün siyasi iradə nümayiş etdirəcəyi təqdirdə ona edilməsi ehtimal olunan təzyiqlərin azaldılması üçün deyil, ölkə daxilində siyasi və iqtisadi mövqeyini gücləndirməklə izah oluna bilər.
Görünən odur ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ciddi siyasəti yoxdur. Özündən əvvəlki hakimiyyətlər kimi prosesi uzatmağa çalışır. Münaqişənin həllinin uzadılması isə bölgənin təhlükəsizliyinə təhdid olduğu kimi, Ermənistanın qarşılaşdığı sosial-iqtisadi, işsizlik, miqrasiya və siyasi problemlərin həll edilməsinə imkan verməməsi, ölkənin bölgədə həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalması ilə nəticələnəcək./gundeminfo.az/